ABŞ Putinin dostunun 260 milyon avroluq yaxtasını HƏRRACA ÇIXARDI – FOTObackend

ABŞ Putinin dostunun 260 milyon avroluq yaxtasını HƏRRACA ÇIXARDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Putinin dostunun 260 milyon avroluq yaxtasını satışa çıxarıb.

İnterpress.az xəbər verir ki, ABŞ hakimiyyəti 2022-ci ildə Fici adalarında müsadirə etdiyi Amadea adlı 106 metrlik yaxtanı satır.

Təxminən 260 milyon avro dəyərində olan gəmi hazırda Kaliforniyanın San Dieqo şəhərində saxlanılır.

Yaxta Rusiya oliqarxı və Vladimir Putinin yaxın müttəfiqi sayılan Süleyman Kərimova məxsusdur.

ABŞ prokurorluğunun məlumatına görə, Kərimov Ukrayna müharibəsi başlayandan sonra sanksiya siyahısına salınıb və onun yaxtası müsadirə olunub. Lakin gəminin saxlanma xərclərinin yüksək olması səbəbindən Amadea hərraca çıxarılıb.

National Maritime Services şirkətinin saytında bildirilir ki, yaxtada 16 qonaq üçün 8 lüks kayut, 36 nəfərlik heyət, helikopter meydançası, 10 metrlik hovuz, spa mərkəzi, kinozal, qızılı çərçivəli televizorlar, royal, həmçinin mərmər və qızıl aksesuarlarla bəzədilmiş vannalar mövcuddur.

İki lift altı göyərtə arasında hərəkəti asanlaşdırır.

2017-ci ildə Almaniyanın Bremen şəhərindəki Lürssen gəmiqayırma zavodunda inşa edilən Amadea-nın ən diqqətçəkən hissəsi sahibinə məxsus göyərtədir.

Burada açıq cakuzi, şəxsi gözəllik salonu, idman zalı və geniş dəniz mənzərəsi var.

Potensial alıcılar artıq San Dieqoda yaxtaya baxış keçirə bilərlər. Hərrac 10 sentyabradək davam edəcək və iştirakçılar 10 milyon dollar məbləğində ilkin ödəniş qoymalıdır.

Xuraman Etibarlı

İnterpress.az