ABŞ vitse-prezidenti Milana 14 təyyarədən ibarət donanma və 100 nəqliyyat vasitəsindən ibarət kortejlə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə dünya mətbuatı məlumat yayıb.
ABŞ vitse-prezidenti Cey Di Vens artıq ikinci gündür ki, qış Olimpiya oyunlarının start götürəcəyi Milan şəhərindədir.
Onun İtaliyaya səfəri loqistik miqyası və təhlükəsizlik tədbirləri ilə beynəlxalq medianın diqqət mərkəzinə düşüb.
Məlumata görə, vitse-prezidentin nümayəndə heyəti üçün eyni vaxtda 14 təyyarə və təxminən 100 avtomobildən ibarət kortej cəlb olunub.
Təyyarələrdən biri xüsusi olaraq ABŞ-dən gətirilən ərzaq məhsullarının, ikisi zirehli avtomobillərin daşınması üçün ayrılıb. Digər təyyarələr isə işçi heyəti, mühafizə xidmətini və rəsmi müşayiətçiləri Milana çatdırıb.
Vensin və onunla birlikdə İtaliyaya gələn ABŞ Dövlət katibi Marko Rubionun qərargahı “Sheraton” otelində yerləşib.
Otelin ətrafı tamamilə hərəkətə bağlanıb, binanın girişində vitse-prezidentin kortejinin daxil olması üçün xüsusi qara qoruyucu konstruksiya quraşdırılıb.
Bu cür kəskin təhlükəsizlik tədbirləri adətən yalnız ən yüksək risk səviyyəsi olan dövlət rəsmiləri üçün tətbiq edilir.
Gərgin təhlükəsizlik tədbirləri fonunda Vensin ABŞ-nin qadınlardan ibarət hokkey yığmasının Çexiyaya qarşı oyununa ailəsi və Marko Rubio ilə birlikdə gəlməsi maraqla qarşılanıb.
Matç zamanı tribunaların təmizlənməsi və ya həddindən artıq ciddi yoxlamalar aparılmadan vitse-prezident oyunu izləyib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Mayk Pompeo və bir neçə əvvəlki olimpiya çempionları da yer alıb.
Bu axşam Cey Di Vens “San-Siro” stadionunda keçiriləcək Olimpiadanın rəsmi açılış mərasimində iştirak edəcək.
Xuraman Etibarlı
İnterpress.az






