Adıgeydə benzin satışına müvəqqəti məhdudiyyətlər tətbiq edilir.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Federasiyasının tərkibində olan Adıgey Respublikasında avtomobil yanacağının (benzinin) pərakəndə satışına müvəqqəti məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Bu barədə qərarı Adıgey Respublikasının rəhbəri Murat Kumpilov açıqlayıb.
Regional hakimiyyətin qəbul etdiyi qərara əsasən, yanacaqdoldurma məntəqələrində (YDM) hər bir nəqliyyat vasitəsi üçün birdəfəlik benzin satışı limitləndiriləcək.
Məhdudiyyətlərin tətbiq edilməsinə əsas səbəb kimi logistik çətinliklər və kənd təsərrüfatı sahəsində məhsul yığımı (biçin) mövsümünün başlanması ilə əlaqədar yanacağa olan ümumi tələbatın kəskin artması göstərilir.
Respublikanın rəhbəri əhaliyə müraciət edərək sakitliyi qorumağa çağırıb və süni şəkildə yanacaq qıtlığı yaratmamağı tövsiyə edib.
Kumpilov vəziyyətin yaxın günlərdə tam nəzarət altına alınacağını və əlavə yanacaq qatarlarının respublikaya çatdırılacağını bildirib.
Faktla bağlı yanacaq bazarında süni qiymət artımına qarşı regional prokurorluq tərəfindən monitorinqlər aparılır.
Xuraman Etibarlı
İnterpress.az






