Avropa İttifaqı (Aİ) qurumları bank sektorunda “Basel III” standartlarının tətbiqi ilə bağlı razılığa gəliblər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa Şurası üzv dövlətlər arasında müzakirə edilən Basel III islahatına uyğunlaşma çərçivəsində Aİ banklarının kapital öhdəliyi qaydalarına dəyişiklik edilməsinə razılıq verdiyini açıqlayıb.
Müvafiq olaraq, Aİ qlobal səviyyədə razılaşdırılmış “Bazel III” tənzimləmə islahatlarının həyata keçirilməsini başa çatdıracaq.
Bununla da Aİ çərçivəsində fəaliyyət göstərən bankların dayanıqlığı artırılacaq, onlara nəzarət və risklərin idarə edilməsi gücləndiriləcək.
Banklara bazaya uyğunlaşmaq üçün kifayət qədər vaxt veriləcək ki, bu da daxili modellərdən istifadə etməklə hesablanmış kapital səviyyələrindəki dəyişkənliyi məhdudlaşdırır.
Kredit və bazar riski və əməliyyat riski sahələrində təkmilləşdirmələr aparılacaq.
İdarə Heyəti üzvlərinin və maliyyə institutlarının əsas rəhbər işçilərinin uyğunluğunu qiymətləndirmək üçün uyğunlaşdırılmış çərçivə yaradılacaq.
Sektorda idarəetmə müstəqilliyinin qorunması qaydaları dəyişdiriləcək. Bu çərçivədə sektoru tənzimləyən və nəzarət edən qurumlarda çalışmış şəxslər banklarda vəzifə almadan əvvəl müəyyən müddət gözləməli olacaqlar.
Kripto aktivlər üçün də müvəqqəti prudensial rejim qurulacaq.
Bankların ekoloji, sosial və korporativ idarəetmə (ESG) risklərinin idarə edilməsinin təkmilləşdirilməsi üçün qaydalarda dəyişikliklər ediləcək.
Üçüncü ölkə banklarının filiallarına və onların Aİ-də fəaliyyətinə nəzarətə tətbiq edilən minimum şərtlər uyğunlaşdırılacaq.
Sözügedən saziş bu mərhələnin Aİ və üzv dövlətlər tərəfindən rəsmi təsdiqindən sonra qüvvəyə minəcək.
“Bazel III” standartları 2007-2008-ci il maliyyə böhranından sonra sektorun çatışmazlıqlarını aradan qaldırmaq üçün hazırlanıb. Bu kontekstdə bankların maliyyə strukturlarını yeni kapital və likvidlik qaydaları ilə gücləndirərək, mümkün yeni qlobal böhranların qarşısının alınması hədəflənir.