Avropa İttifaqı (Aİ) Komissiyası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın təcili bərpa ehtiyacları çərçivəsində 2023-cü ildə ehtiyac duyduğu əlavə maliyyə yardımının 13 milyard avro olduğunu bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında “Ukraynada Kahovka bəndinin dağılmasının fəsadları” mövzusunda keçirilən sessiyada çıxış edib.
Dombrovskis Ukraynanın yenidənqurma və bərpa üçün əlavə yardıma ehtiyacı olduğunu və Aİ olaraq bu ölkəyə yardımı davam etdirəcəklərini bildirib:
“Ukraynanın xüsusilə təcili bərpa ehtiyacları çərçivəsində bu il əlavə dəstəyə ehtiyacı var. Zərərlərin qiymətləndirilməsi və qiymətləndirilməsi araşdırmaları göstərir ki, Ukraynanın 2023-cü il üçün təcili ehtiyacları 13 milyard avro ətrafındadır”.
Dombrovskis təcili ehtiyac duyulan sahələri mülki və sosial infrastruktur, enerji infrastrukturu, mənzil tikintisi, özəl sektorun inkişafı və humanitar minalardan təmizləmə kimi sadalayıb.
Bildirilir ki, Aİ-nin Ukraynaya 2022 və 2023-cü illərdə makromaliyyə yardımı indiyədək 15 milyard avroya yaxınlaşıb.