Avropa İttifaqı (Aİ) üzv dövlətlər arasında ən mübahisəli məsələlərdən biri olan ümumi immiqrasiya və sığınacaq qaydaları ilə bağlı uzun illər dalana dirəndikdən sonra razılığa gəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ-yə sədrlik edən İsveçin miqrasiya naziri Maria Malmer Stenergard və Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson Aİ daxili işlər nazirlərinin görüşündən sonra mətbuata açıqlamalar verib.
“Bu gün uzun illər davam edən danışıqlardan sonra biz tarixi addım atdıq”, – Stenergard bildirib.
O, nazirlərin Aİ-nin sığınacaq sistemi islahatının iki əsas sütunu üzərində razılaşdıqlarını söyləyib və sığınacaq axtaranların üzv dövlətlər arasında bölüşdürülməsi üçün “məsuliyyət” və “həmrəylik” arasında yaxşı bir tarazlığın qurulduğunu bildirib.