Almaniyada Bundestaqın Büdcə Komitəsi hökumətin İsraildən “Arrow-3” hava hücumundan müdafiə sistemi almaq təşəbbüsünü təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bundestaqın Büdcə Komitəsi “İris-T SLM” hava hücumundan müdafiə sisteminin alınmasına, eləcə də “Arrow-3” hava hücumundan müdafiə sistemini İsraildən onun sursatları ilə birlikdə almağa razılıq verib.
İki sistemin dəyəri keçən il Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniya hökumətinin müdafiə xərcləri üçün ayırdığı 100 milyard avro hesabına qarşılanacaq. “Arrow-3″ün təxminən 4 milyard avroya, “Iris-T SLM” sisteminin isə 1 milyard avroya başa gələcəyi təxmin edilir.
Bundestaqın Müdafiə Komissiyasının sədri Marie-Agnes Strack Zimmermann Almaniyanın hava hücumundan müdafiə sahəsində yeni dövrə qədəm qoyduğunu və ölkəsinin “Arrow-3” sistemini almaqla gələcəkdə öz hərbi məsuliyyətini yerinə yetirəcəyini bildirib.
“Arrow-3” Almaniyanın təşəbbüsü ilə Avropa hava hücumundan müdafiə sisteminin bir hissəsi olmaq məqsədi daşıyır.