Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun şərq cinahını gücləndirmək üçün Litvaya daimi olaraq 4000-ə yaxın əsgər göndərə biləcəklərini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazir Pistorius Litvada verdiyi açıqlamada deyib ki, Almaniya Litvada daimi möhkəm briqada yerləşdirməyə hazırdır.
Briqadanın təxminən 4000 əsgərdən ibarət olacağını qeyd edən Pistorius daimi yerləşdirmənin NATO-nun hazırda üzərində işlənən regional və əməliyyat planlarına uyğun olmasının mərkəzi əhəmiyyət daşıdığını vurğulayıb.
Soyuq Müharibənin sonuna qədər Almaniyanın NATO-nun şərq cinahında olduğunu bildirən Pistorius, “Biz hər zaman NATO tərəfdaşlarımıza arxalana bilən, fövqəladə hallarda yanımızda olan, azadlığımız və təhlükəsizliyimiz üçün bizimlə birlikdə döyüşən tərəf idik. Polşa və Baltikyanı ölkələr xüsusilə həssasdırlar. NATO üzvü və Avropanın ən böyük iqtisadiyyatı olaraq, şərq cinahın müdafiəsi üçün ayağa qalxmaq məsuliyyətini və öhdəliyimizi qəbul edirik”.
Alman ordusu 2017-ci ildən bəri Rusiya və Belarusla həmsərhəd olan Litvada 800-ə yaxın əsgər yerləşdirir.
2022-ci ilin iyununda Almaniya hökuməti Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Litvanı müdafiə etmək üçün tam döyüş briqadasının hazır olacağına söz vermişdi.