Almaniya vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səyahət barədə xəbərdarlıq qaydalarını daha da sərtləşdirərək öz vətəndaşlarını bu ölkəni təcili olaraq tərk etməyə çağırıb.
Əgər əvvəllər bu xəbərdarlıq əsasən Ukrayna ilə həmsərhəd olan bölgələrə aid idisə, hazırda Almaniya hökuməti bu qərarı bütün Rusiya ərazisinə şamil edib.
Almaniya XİN-in bəyanatında bildirilir ki, pilotsuz uçuş aparatlarının hücum təhlükəsi Rusiyanın bütün ərazisində, o cümlədən daxili regionlarda da yüksək olaraq qalmaqdadır.
Bəyanata əsasən, son aylarda xüsusilə Moskva, Sankt-Peterburq və Leninqrad vilayəti intensiv dron hücumlarının hədəfinə çevrilib.
“Moskva ətrafında hava hücumundan müdafiə (HHM) sistemlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə baxmayaraq, pilotsuz təyyarələrin zərbələri və onların qalıqlarının yerə düşməsi bir çox hallarda ciddi və real dağıntılara səbəb olub”, – deyə tövsiyələrdə vurğulanır.
Berlin rəhbərliyi həmçinin Belqorod, Bryansk, Kursk, Voronej, Rostov vilayətlərini və Krasnodar diyarını vətəndaşlar üçün ən təhlükəli bölgələr elan edib.
Rusiya XİN hələlik Almaniya tərəfinin bu qərarına rəsmi münasibət bildirməyib.
Xuraman Etibarlı
İnterpress.az






