İspaniyada çimərlikdə “yalnış şezlonqa” oturan 14 yaşlı qız vəhşicəsinə döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
İspaniyada çimərliklərin birində sarsıdıcı və olduqca iyrənc bir hadisə qeydə alınıb. İki nəfər kişi səhvən başqasına məxsus şezlonqda (çimərlik kreslosunda) oturan 14 yaşlı yeniyetmə qızı vəhşicəsinə döyüb.
Bu qəddar hərəkəti görən digər çimərlik sakinləri dərhal hadisəyə müdaxilə ediblər və nəticədə ərazidə kütləvi əlbəyaxa dava başlayıb.
Hadisə şahidlərindən biri bildirib: “Bu, iyrəncdir. O, heç bir söz demədən qızı döyməyə başladı. Yetkin bir kişi kiməsə, xüsusən də uşağa qarşı necə bu cür rəzil davrana bilər?”.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub. Ağır xəsarət alan 14 yaşlı yeniyetmə qız xəstəxanaya yerləşdirilib, onun üz və bədən nahiyəsində kəskin əziklərin olduğu bildirilir.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində azyaşlıya qarşı zorakılıq tətbiq edən hər iki şəxs saxlanılıb.
Faktla bağlı xuliqanlıq və azyaşlıya qarşı qəsdən bədən xəsarəti yetirmə maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






