Aqil Abbasdan “Qarabağ“ PROQNOZU: “Hər iki oyunda qalib gələcək“backend

Aqil Abbasdan “Qarabağ“ PROQNOZU: “Hər iki oyunda qalib gələcək“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Aqil Abbasın Yenisabah.az-a müsahibəsi:

– Aqil bəy, Azərbaycan boks, karate, cüdo kimi idman növlərində hər zaman uğur qazanmağı bacarır. Futbolda isə bu uğurdan danışmaq bir az çətindir. Futbolumuzdakı uğursuzluğun səbəbi nədir?

– Regionlarımızda futbol, ən əsası isə uşaq futbolu yoxdur. Futbol akademiyaları zəif işləyir, cəmi 1-2 komandanın futbol akademiyası var. Bu səbəbdən Azərbaycan futbolu zəifdir. Çempionatda 8 komanda ilə futbol oynamaq olmaz. Əsas səbəb elə bunlardır.

– Bəzi insanlar düşünür ki, nəyə görə 10 milyon əhalisi olan Azərbaycanda yaxşı futbol oynayan 11 nəfər tapılmır?

– Hindistanın 2 milyard əhalisi var və futbol inkşaf etməyib. 2 milyard əhalinin içərisindən 11 futbolçu tapa bilmirlər. Əhali sayı ilə futbolu eyniləşdirmək olmaz.

Futbolumuzda problemlər çoxdur ona görə də geri qalır.

– Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi Fransanın “Marsel” klubu olacaq. “Qarabağ”ın məğlub olacağını düşünənlərin sayı çoxdur. Sizcə “Köhlən Atlar”ın qalib gəlmə şansı varmı?

– “Marsel” göydən zənbillə düşməyib. Konfrans Liqasının pley-off mərhələsinə gəlib çatan komandaların heç biri zəif deyil. Hər bir komanda müxtəlif mərhələlərdən keçərək bu yerə gəlib. Eyni zamanda güclü komandaya qalib gəlmək daha ləzzətlidir. Oyun daha da maraqlı keçəcək. “Qarabağ” güclü oyun nümayiş etdirəcək və hər iki oyunda qalib gələcəyik.

– İlham Əliyev “Qarabağ” komandası ilə görüşdü. Prezident “Qarabağ”ı Azərbaycan futbolunun flaqman komandası adlandırdı. “Neftçi” komandasının tarixini əsas götürərək “Qarabağ”ın flaqman olmasına etiraz edənlər oldu. Siz bu haqda nə düşünürsüz?

– Flaqman öndə gedən deməkdir və “Qarabağ” öndədir. 10 ildən çoxdur bayrağımızı götürüb irəli gedir, çempionatlarda iştirak edir, qrup mərhələlərinə düşür. “Neftçi” gəlsin “Qarabağı” keçsin olsun flaqman, kim nə deyir ki? “Sabah”, “Qəbələ” gəlsin keçsin, rekordları yeniləsin. Etiraz edən yoxdur. “Qarabağ” ən kasıb vaxtında da Avropaya gedirdi, oyunlarda iştirak edirdi. Ağdam klubu 10 ildən çoxdur ki, flaqmandır.