Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Yevlax rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə “İnterpress.az”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, qəbulda vətəndaşların əsas müraciətləri aqrar sığorta haqlarının hesablanması və ödənişi, əkin subsidiyalarının ödənilməsi, baş vermiş təbiət hadisələri nəticəsində əkin sahələrinə və meyvə bağlarına dəyən zərərlərə görə sığorta ödənişlərinin verilməsi, əkin sahələrinin sığortalanması ilə bağlı olub.
F.Sadıqov qaldırılan məsələlərlə bağlı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıq verib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Son dövrlər baş verən təbiət hadisələri, o cümlədən İsmayıllı rayonunda da qeydə alınan sel-subasma halları bu mexanizmin vacibliyini bir daha təsdiqləyib. Fond rəhbəri qarşıdan payızlıq əkin mövsümünün gəldiyin xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə çağırıb.