Paris Saint-Germain-in ispan qapıçısı Serxio Riko atdan yıxılaraq xəstəxanaya yerləşdirildikdən 22 gün sonra komadan çıxıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Serxio Rikonun həyat yoldaşı Alba Silva İspaniya mətbuatına verdiyi açıqlamada Serxionun komadan çıxdığını, huşunun yerində olduğunu, sakitləşdirici dərmanlara ehtiyac olmadan müalicəsinin davam etdiyini bildirib.
Silva inanılmaz yardım və fədakarlıq üçün bütün xəstəxana işçilərinə və həkimlərə təşəkkür edib.
Fransanın Paris Saint-Germain komandasının ehtiyat qapıçısı olan 29 yaşlı Serxio Riko komandası liqa çempionluğunu qazandıqdan sonra mayın 28-də Huelva şəhərinin El Rosio qəsəbəsindəki festivalda iştirak etmək üçün bu bölgəyə gedib.