Avstraliya-Yeni Zelandiya İqlim və Maliyyə Sammitində iki ölkə yaşıl enerjiyə keçiddə birlikdə çalışacaqlarını açıqladı.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yeni Zelandiyanın paytaxtı Vellinqtonda keçirilən sammitdə Yeni Zelandiyanın maliyyə naziri Qrant Robertson və iqlim naziri Ceyms Şou, Avstraliyanın maliyyə naziri Cim Çalmers, iqlim və enerji naziri Kris Bouen iştirak edib.
Sammitdən sonra verilən birgə bəyanatda hər iki ölkədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və yaşıl enerjiyə keçiddən yaranan iqtisadi imkanların qiymətləndirilməsinin hədəfləndiyi bildirilib.
Birgə bəyanatda iki ölkə iqlim tədbirlərini sürətləndirmək yolu ilə temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq hədəflərini müzakirə ediblər.
İqlim dəyişikliyinin Sakit okean regionunun ən böyük təhlükəsi olduğu bildirilən açıqlamada sözügedən sammitin hər il keçirilməsinin nəzərdə tutulduğu və siyasətlərin həyata keçirilməsi üçün ortaq bir işçi qrupunun yaradılacağı qeyd edilib.
Həmçinin tərəflərin Avstraliya bölgəsində elektriklə işləyən və sıfır emissiyalı nəqliyyat vasitələrinin istehsalını və istifadəsini artırmaq və lazımi doldurma vahidlərini yaratmaq üçün birlikdə çalışacaqları bildirilib.