Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdən zərərçəkənlərə yardım toplanıb.
Bu barədə “Anadolu” xəbər verir.
Tədbirdə Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, eləcə də digər şəxslər iştirak ediblər.
Azərbaycan mədəniyyətinə aid müxtəlif suvenirlərin, eləcə də xalçaların satışa çıxarıldığı tədbirdə çıxış edən Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qeyd edib ki, bu tədbir əvvəldən planlaşdırılıb, lakin pandemiya və müharibə səbəbindən təxirə salınıb. Türkiyədəki zəlzələlərdən sonra proqramı xeyriyyə tədbirinə çevirmək qərarına gəliblər.
L.Qasımova zəlzələdən dərhal sonra Azərbaycanın Türkiyəyə yardım göndərən ilk ölkələrdən olduğunu, təbii fəlakətdən zərərçəkənlərə müxtəlif növ yardımların edildiyini bildirib. Qeyd olunub ki, yardımlar davam edir.
Tədbirdə satılan suvenir və şirniyyatlardan əldə edilən bütün gəlirin zəlzələ bölgəsinə yönəldiləcəyini bildirən L.Qasımova satışa çıxarılan xalçaların bir hissəsinin yardım olaraq bağışlanacağını bildirib.
Türkiyənin Vyanadakı səfiri Ozan Ceyhun da əsrin fəlakəti adlandırılan zəlzələ, onun fəsadları ilə bağlı çıxış edib.
Ozan Ceyhun yardım proqramını təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib, müxtəlif qeyri-hökumət təşkilatlarının, xüsusən Avstriya hökumətinin göstərdiyi yardımları xatırladıb.