Avstriyalı azarkeşlər üçün Azərbaycanla oyunun biletləri satışa çıxarılıbbackend

Avstriyalı azarkeşlər üçün Azərbaycanla oyunun biletləri satışa çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyalı azarkeşlər üçün AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək səfər oyununun biletləri satışa çıxarılıb.

“İnterpress.az” xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyası (OFB) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı canlı izləmək istəyən qonaq komandanın fanatları indidən bilet əldə edə bilərlər. Avstriyalılara ayrılacaq sektorun biletlərinin qiyməti 4 avrodur. İlkin satışlar oktyabrın 1-dək nəzərdə tutulub.

Qiymətlə bağlı müqayisə aparan Avstriya mətbuatı ölkə daxilində keçirilən futbol oyunlarının ən ucuz biletinin 6 avro olduğunu bildirib.

Ralf Ranqnikin yetirmələri Bakı səfəri ərəfəsində oktyabrın 13-də Vyanada Belçika yığmasını qəbul edəcəklər. Maraqlıdır ki, həmin qarşılaşmaya artıq 45 000-dən çox bilet satılıb.

Qeyd edək ki, hazırda Avstriya yığması 13 xalla F qrupunda ikinci, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb. Canni De Byazinin komandası oktyabrın 13-də Tallində Estoniyanın qonağı olacaq.