“Azərbaycan Dəmir Yolları”nda maaş böhranı: İşçilərin əməkhaqqları azaldıldı, səbəbi belə izah edildi – RƏSMİbackend

“Azərbaycan Dəmir Yolları”nda maaş böhranı: İşçilərin əməkhaqqları azaldıldı, səbəbi belə izah edildi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarının kəsilməsi ilə bağlı xəbərləri təsdiqləyib. 
İnterpress.az-ın məlumatına görə, ADY rəsmi açıqlamasında növbəti aydan dəmiryolçuların əmək haqlarının  1/3 hissəsinin kəsiləcəyi ilə bağlı məlumatları təsdiqləyib. QSC bunun səbəbini belə izah edib:
“Ölkəmizdə pandemiyanın təsirləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmış, eləcə də ölkədaxili və beynəlxalq sərnişin daşımalarında müəyyən məhdudiyyətlərin tətbiq olunmasına səbəb olmuşdur.
Həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə gətirib çıxarmışdır. Buna baxmayaraq aidiyyəti dövlət qurumlarının tövsiyələri nəzərə alınaraq pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq tam əmək haqlarının ödənilməsi təmin edilmişdir. Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi heyəti var.  Pandemiya müddətində yalnız 2000-ə (iki minə)  yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10.000000 (on milyon) manatdan artıq vəsaiti əhatə edən əmək haqqı ödənilmişdir. Bundan əlavə yoluxmanın yüksək olduğu müxtəlif dövrlərdə istehsalatın fasiləsizliyi təmin edilməklə əməkdaşların növbəli şəkildə 30 % və ya 50 % işə cəlb edilməsi zamanı da bütün əməkdaşların əmək haqlarının tam məbləğdə ödənilməsi həyata keçirilmişdir.
Hazırkı mühit yaranmış əvəzi ödənilməyən öhdəliklərin qarşısının alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin minimallaşdırılmasını, müvafiq fəaliyyətinin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində ödənişin tətbiqinə başlanılmış və sözügedən bütün tədbirlərin əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla həyata keçirilməsi təmin edilmişdir”.
ADY işdən çıxarılanların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair köməkliklərin göstərdiyini bildirir: “Məlumat üçün bildirilir ki, fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əmək haqqıya (tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində) yaxın və ya daha yuxarı əmək haqqının ödənilməsi təmin ediləcəkdir. Eyni zamanda, sosial dayanıqlığın təmin edilməsi məqsədilə sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur”.
Qeyd edək ki, növbəti aydan dəmir yolunda işləyənlərin əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar.