Cəmi birgünlük anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suveren hüquqlarını tam şəkildə bərpa etdi. Bu gün Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə təminat istəyən böyük dövlətlər, əslində, bunu 30 il əvvəl özləri etməli idilər. İndi kim desə ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün, üç nüvə dövlətinin kiçik Ermənistana Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini icra etdirməyə gücü və imkanı çatmayıb, bilin ki, riyakarlıq edir. Milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qəlbində bu sualın səmimi cavabını tapmalıdır: işğalçı Ermənistanın himayədarlarının təsir və təzyiqi ilə danışıqlar masasında “hədiyyə edilən” yarımçıq ədalətdən məmnun olardıq, yoxsa haqq savaşında öz gücümüz hesabına əldə etdiyimiz bütöv və şəksiz Qələbə bizi məmnun edir?
Son 30 ildə olduğu kimi, erməni sevdalılarının Azərbaycana qarşı necə birləşdiyini, ədalətli və bütöv Qələbəmizi hansı iyrənc üsullarla “ucuzlaşdırıb” gözdən salmağa çalışdıqlarnı indi də görməkdəyik. Bütün bu basqıların, haqsız təzyiqlərin, bəzən isə təhdid və hədə dilinə keçən ritorikanın qarşısında geri çəkilməmək kimlər üçünsə sıradan bir məsələ kimi görünə bilər. Amma həqiqət ondadır ki, bu cür total basqılar qarşısında, müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması ilə bağlı ümumxalq maraqlarımızın keşiyində qürur və qətiyyətlə Azərbaycan hakimiyyəti dayanır. Böyük əksəriyyətimiz Azərbaycanı sidq ürəkdən sevirik. Lakin bizlərin Vətən, dövlət sevgisinin arxasında əksər hallarda cavabdehlik məsuliyyəti doğurmayan emosional hisslər dayanır. Prezident İlham Əliyev isə eyni səmimi duyğuları yaşamaqla yanaşı, ifadə etdiyi hər bir fikrə, atdığı hər bir addıma görə, əksəriyyətimizdən fərqli olaraq, çiyinlərində Azərbaycana, hər birimizə görə məsuliyyətin ağır yükünü daşıyır. Qarabağda yaşayan ermənilərin “blokadaya alındığını” uyduranlardan, guya ermənilərin “etnik təmizləmə” yalanını dünyaya yayan Ermənistandan və himayədarlarından fərqli olaraq, vicdanı və ədalət hissi olan hər kəs çox yaxşı bilir ki, Azərbaycan Prezidentinin verdiyi bəyanatlar, qəbul etdiyi qərarlar, ilk növbədə, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn fundamental prinsiplərinə və nəhayət, tarixi ədalətə söykənir. Elə buna görə də Prezident İlham Əliyevin sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABİTAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Zəngilanda keçirdiyi beynəlxalq səviyyəli Forumda 53 ölkədən olan 200-ə yaxın xarici qonağın iştirakı ilə dediyi bu fikirlər Ermənistan rəhbərliyinin və havadarlarının yalanlara söykənən ehtimal nəzəriyyəsini puç edir: “Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar çızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Haqq-ədalət səhifələrindən biri də onunla bağlıdır ki, Azərbaycan istər 44 günlük Vətən müharibəsi günlərində, istərsə də cəmi birgünlük anti-terror tədbirləri zamanı, Ermənistandan fərqli olaraq, mülki əhalini və mülki infrastrukturu hədəf seçmədi. Hətta Ermənistanın baş naziri N.Paşinyan sentyabrın 19-20-də mülki ermənilərə və mülki infrastruktura ciddi və birbaşa təhlükənin yaradılmadığını ictimai şəkildə etiraf etsə də, ermənidən də çox ermənilik edənlər hələ də dünyaya yalan püskürürlər. Prezident İlham Əliyev oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı dünya ictimaiyyətinin diqqətini növbəti dəfə bu gerçəkliyə yönəltdi: “BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmsını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik… Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir”.
Bir tərəfdə Qarabağ üzərində suverenliyimizin tam şəkildə təmin olunmasına xidmət edən anti-terror tədbirləri, digər tərəfdə isə ard-arda iki möhtəşəm beynəlxalq tədbir. Bu tədbirlər Azərbaycanın dövlət maraqlarının qorunması və mütərəqqi dünyaya inteqrasiya ilə bağlı iradə əzmini əks etdirən qüsursuz bir güzgüdür. BMT missiyasının Qarabağdakı vəziyyətlə bağlı son bəyanatı ona görə obyektiv və ədalətlidir ki, bu güzgü ləkəsizdir. Azərbaycan öz haqqını beynəlxalq konvensiyalarla tanınan legitim hüquqları əsasında qoruyur. Çax-çaxlar çox baş ağrıda bilər, amma ədalət tərəfimizdə olduğu üçün Azərbaycan bundan sonra da haqq “dəyirmanında” çoxlu yalanları üyütməli olacaq və bundan əsla çəkinməyəcək. Buna heç kim, ilk növbədə, bədxahlarımız şübhə etməsin.
Ülvi Quliyev
Milli Məclisin deputatı