Azərbaycan dövləti və ictimaiyyəti bizə qarşı yönəlmiş təxribatlar və bəzi dairələrin təkləmə kampaniyalarına boyun əyməyəcək.
Bu sözləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal Natiq Çıraqzadə deyib.
Onun sözlərinə görə, günlərdir Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən
Azərbaycana məxsus müxtəlif istiqamətlərdə yerləşən yaşayış məntəqələrindəki mövqelərimiz minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutulur:
“Hər zaman olduğu kimi, yenə də rəşadətli Azərbaycan Ordusunun çevik və qətiyyətli cavab tədbirləri nəticəsində düşmən susdurularaq geri oturdulur. Ancaq Ermənistanın bölgədə gündəlik təxribatlar törədərkən, beynəlxalq arenada özünü sülh quruculuğu prosesində maraqlı tərəf kimi göstərməsi bu ölkənin prosesə nə qədər məsuliyyətsiz yanaşmasının və dəyərlərin immitasiyası ilə məşğul olmasının göstəricisidir. Digər tərəfdən, dünya birliyi və beynəlxalq qurumlar tərəfindən, Ermənistanın yeni təxribatlarına səssiz münasibət göstərilməsi yaxud hansısa münasibət göstərilməməsi, bununla yanaşı Azərbaycanın Ermənistanı sülhə məcburetmə mexanizmlərinə qarşı qeyri-obyektiv şəkildə yanaşılması indiyədək olduğu kimi yenə də beynəlxalq arenada ikili standartların mövcud olduğunu bir daha bizə sübut edir.
Azərbaycan dövləti regionda qurulan balansların fərqindədir və bu balansların öz maraqlarımız çərçivəsində qurulması istiqamətində gərgin əməyi davam edəcək. Bu şərəfli missiyanın uğurla davam etməsi və tamamlanması uğrunda Azərbaycan xalqı, Azərbaycanın vətəndaş cəmiyyəti və yerli media subyektlərimizin hər zaman olduğu kimi yenə də böyük fədakarlıqlar etməyə hazır olduğuna şübhəmiz yoxdur”.
“Çünki,istər Azərbaycan cəmiyyəti,istərsə də, Azərbaycan mətbuatı bəzi dairələr tərəfindən bölgədə bizə qarşı yürüdülən siyasətin nədən ibarət olduğu haqda hərtərəfli informasiyaya malikdirlər. Bu mənada, həm qüdrətli Azərbaycan dövləti, ölkə ictimaiyyəti, həm də yaxın tariximizin bütün kritik dönəmlərində möhtəşəm həmrəylik nümayiş etdirən Azərbaycan mediası, bizə qarşı yönəlmiş təxribatlar və bəzi dairələrin təkləmə kampaniyalarına boyun əyməyəcək. Bizə inandığımız ideyalar və bölünməz bütövlüyümuz uğrunda mübarizə aparmağa nəinki Ermənistan tərəfi, beynəlxalq birliyin heç bir subyekti maneə törədə bilməz”, o bildirib.