Azərbaycan yeni sərhəd müharibəsinə hazırlaşmalıdır” – KUZNETSOVbackend

Azərbaycan yeni sərhəd müharibəsinə hazırlaşmalıdır” – KUZNETSOV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı analitik: “Zəngəzur dəhlizi Rusiya üçün Azərbaycan və Ermənistandan daha vacibdir”

Son günlər Ermənistan mətbuatında Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə yeni sənədlərin imzalanmasının mümkünlüyü ilə bağlı çoxlu söhbətlər gedir. Eyni zamanda, bu sənədlərdə mümkün Zəngəzur dəhlizinin açılmasına daha çox diqqət yetirilir.

Rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində regionda baş verənlər və Zəngəzur dəhlizinin Kreml üçün nə qədər önəmli olması barədə danışıb.

– Bu yaxınlarda bir sıra erməni KİV-ləri yazdı ki, noyabrda Azərbaycanla Ermənistan arasında, Rusiyanın iştirakı ilə sülh sazişi imzalanacaq. Sizcə, bugünkü şəraitdə belə məzmunlu müqavilə imzalamaq nə dərəcədə mümkündür? Bunun üçün hər hansı ilkin şərtlər varmı?

– Şəxsən mən prinsipcə erməni KİV-lərini adekvat məlumat mənbəyi hesab etmirəm, xüsusən də bu məsələdə. Çünki söhbət əvvəlcə Ermənistanın bəzi “Telegram” kanallarından gedirdi, onların xəbərləri daha sonra təkcə erməni deyil, digər kütləvi informasiya vasitələrində də dərc olunurdu. Eyni zamanda, heç kim xəbər müəllifinin – Köçəryan və ya Paşinyan tərəfdarı olduğunu öyrənmək üçün ilkin mənbəni yoxlamağa can atmadı, çünki bunun sırf daxili erməni informasiya ötürməsi olduğunu istisna etmək olmaz. Məqsəd də ötən ilin payızında Ermənistan ordusunun Qarabağda məğlubiyyətinin birinci ildönümü və Qarabağda atəşkəs və bütün hərbi əməliyyatlar haqqında üçtərəfli bəyannamənin imzalanmasının ildönümü ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın əsəblərini tarıma çəkmək ola bilər. Bu məlumat əvvəldən saxta ola bilərdi, lakin “Panorama” saytındakı bir çox qrotesk xəbərlər kimi, birdən-birə gözlənilməz rezonans qazandı.

Aydındır ki, Azərbaycan mətbuatı bu xəbəri ona görə ələ keçirdi ki, sizin ölkənizdə hamı Ermənistanın hərbi məğlubiyyətindən sonra siyasi qələbənin dadını tam hiss etmək istəyir, amma bu dad hələ də gəlmir, xalqın səbri getdikcə tükənir və xalq qələbənin tam olub-olmadığını bilmək istəyir. Üç-dörd ay əvvəl yazmışdım ki, Ermənistan Konstitusiyası və qanunvericiliyinə görə, Qarabağ bu ölkənin bir hissəsidir və odur ki, Qarabağın sahibliyi məsələsi ilə bağlı referendum keçirilənə qədər erməni hakimiyyəti konstitusiya islahatına və ya heç olmasa, Azərbaycanla sülh danışıqlarına və sərhədin demarkasiyasına de-yure hazır deyil. Bu referendum çətin ki, könüllü keçirilsin, çünki həmin an ölkədə yenidən daxili siyasi xaos hökm sürəcək. Altı ay əvvəl yazmışdım ki, Azərbaycan yeni sərhəd müharibəsinə hazırlaşmalıdır, ən azı birtərəfli sərhəd xəttinin yaradılması üçün hərbi əməliyyata başlamalıdır. Mən hələ də bu fikirdəyəm.

Səmimi olaraq etiraf etməliyik ki, Paşinyan Azərbaycanla Qarabağ üzrə danışıqlar prosesində iştirakdan yayınmaq üçün hər bir şans və fürsətdən çox məharətlə istifadə edir, çünki o, Ermənistanın milli qanunvericiliyi baxımından bu istiqamətdə hər hansı hərəkətinin konstitusiyaya zidd olacağını mükəmməl başa düşür. Belə olan halda Köçəryanın tərəfdarlarının təmsil etdiyi siyasi müxalifət onu hakimiyyətdən uzaqlaşdırmaq şansını əldən verməyəcək. Paşinyanın bu sahədəki son bəyanatlarının hamısı tamamilə mücərrəd və spekulyativdir və onun danışıqlara başlamaq niyyətində olduğuna əmin deyiləm, əksinə. Təbii ki, mən öncəgörümlə məşğul olmuram və ola bilər ki, yanılım, amma mənə elə gəlir ki, noyabrın birinci yarısında Azərbaycanın sərhəd xəttini, xüsusən Qazax və Naxçıvan eksklavlarında qurmaq əməliyyatından başqa heç nə olmayacaq.

– Zəngəzur dəhlizi ətrafında çoxlu müxtəlif söhbətlər gedir. Ermənistan üçün regionun deblokadası vacibdir və bu, başadüşüləndir. Azərbaycan üçün də həmçinin. Zəngəzur dəhlizi layihəsi Rusiya üçün nə dərəcədə vacibdir?

– Rusiya üçün Zəngəzur nəqliyyat dəhlizinin layihəsi siyasi nöqteyi-nəzərdən Azərbaycan və Ermənistandan qat-qat vacibdir ki, bu barədə bir neçə dəfə yazmışam, çünki Rusiyanın Cənubi Qafqaz regionunda geosiyasi mövcudluğu birbaşa bundan asılıdır. Bu iki dəyər arasında mütənasib asılılıq var – dəhliz nə qədər gec açılsa, Rusiyanın bölgənizdə təsiri bir o qədər az olacaq. Və bu sual kifayət qədər uzun müddət havada qalacaqsa, o zaman Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasının hansı ilin xəritələri ilə bağlı müəyyənləşməsi sualı yarana bilər.

Heç kimə sirr deyil ki, iki ölkə arasında çoxtərəfli müqavilədə təsbit olunmuş yeganə beynəlxalq səviyyədə tanınan sərhəd Gürcüstan və Türkiyənin iştirakı ilə 1921-ci il Qars müqaviləsi ilə müəyyən edilib. Şəxsən mən bu dörd ölkənin Cənubi Qafqazdakı dövlət sərhədlərini həmin il öz vəziyyətinə qaytarmaq qərarına heç bir hüquqi maneə görmürəm. Və sonra Zəngəzur nəqliyyat dəhlizi məsələsi öz həllini tapacaq.

Rusiyada bu vəziyyəti mənim kimi başa düşürlər, lakin “ayaqlarına atəş açmaqdan” çox qorxurlar, çünki bunun nəticəsində trans-regional yük axınlarının necə dəyişəcəyi, onlara kimin nəzarət edəcəyi və onların operatorunun kim olacağı hələ də bəlli deyil. Ona görə də Kreml layihənin texniki-iqtisadi komponenti ilə bağlı Bakı və İrəvandan, dolayısı ilə Ankara və Tehrandan əminlik istədiyi üçün indiyədək latın “festina lrente” – “yavaş-yavaş tələs” fikrinə uyğun mövqe seçib. Moskva dəhlizin açılması ilə bağlı sənəd imzalanmazdan əvvəl bu məsələnin siyasi həllini Ankara və Tehranla əlaqələndirmək istəyir.

Ən azından şəxsən mənim üçün bu versiya ən rasional görünür. Hazırda Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində işgüzar əlaqələr davam edir və bu sırf texniki məsələlərin müzakirə olunduğu, amma işlənməsinin aşağı səviyyədə olmasına görə onların həm Bakıda, həm İrəvanda, həm də Moskvada da yaxşı qəbul edilən siyasi səviyyəyə yüksəlməsinə imkan vermir.

– Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanına, eləcə də Zəngilana səfərlərinə Rusiya necə reaksiya verdi?

– Şübhəsiz ki, bu səfər Azərbaycan-Türkiyə müttəfiqliyinin çox ciddi siyasi nümayişi və iki ölkə liderlərinin 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin müddəalarına sadiqliyinin təsdiqi kimi böyük diqqətlə qarşılandı. Hamı başa düşür ki, indiki şəraitdə Füzuli Beynəlxalq Hava Limanının iqtisadi əhəmiyyəti minimaldır, sıfır olmasa da, onun kommersiya sərnişin reysləri ilə yüklənməsi 10 ildən sonra başlayacaq, ona görə də bu layihənin iqtisadi komponenti yalnız orta və hətta uzun müddət üçün müzakirə oluna bilər.

Yaxın illərdə bu hava limanından sırf Qarabağın, o cümlədən onun müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinin Azərbaycana reinteqrasiyası siyasi məqsədləri üçün istifadə olunacaq və bu prosesdə Türkiyə Azərbaycanın xarici tərəfdaşları arasında aparıcı rol oynayacaq. Füzuli hava limanı əvvəlcə Şuşanın İslam dünyasının mədəniyyət paytaxtına çevrilməsi ilə bağlı iddialı layihənin həyata keçirilməsi üçün tikilib və bu, rəsmi açılışında bir daha nümayiş etdirilib. Kreml, təbii ki, bu faktı nəzərə alıb və gözləyəcək ki, bu layihənin həyata keçirilib-keçirilmədiyini görsün, sonra isə dəyişmiş reallığa uyğun humanitar qarşılıqlı əlaqə körpüləri qurmağa başlayacaq.