Azərbaycanda Anım Günü: “Şəhidlərimizə hər birimizin vəfa və şükran borcumuz var”backend

Azərbaycanda Anım Günü: “Şəhidlərimizə hər birimizin vəfa və şükran borcumuz var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda hələ də sülhün bərqərar olmasını istəməyən, mənfur düşmənimizi – Ermənistanı yenidən üzərimizə qızışdırmağa çalışan qüvvələr var”.

Bu sözləri 27 Sentyabr – Anım Gününü dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, xüsusi təyinatlılarımızın Şuşada üçrəngli bayrağımızı yenidən ucaltması tariximizin ən böyük uğurlarından biridir:

Bu Zəfər Ordu-Dövlət-Xalq birliyi sayəsində qazanılıb. Xalqımız və siyasi qüvvələrimiz 44 gün ərzində bütün dünyaya əsl milli həmrəylik nümayiş etdirib. 44 gün ərzində o torpaqlarımızın hər qarışı şəhid qanıyla yoğrulub. Xalqımız və dövlətimiz Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin, zabitlərimizin xatirəsini əziz tutur və hər zaman dərin ehtiramla yad edir. Bu gün ölkənin bütün şəhər və rayonlarında minlərlə insan müqəddəs ziyarətgaha, and yerinə çevrilmiş Şəhidlər xiyabanına, şəhid məzarlıqlarına axışır, hər yerdə şəhidlərin ruhuna dualar oxunur. Onlar bizim uğrumuzda, biz bu torpaqlar üzərində təhlükəsiz və firavan yaşayaq deyə şəhid olublar. Ona görə də əziz şəhidlərimizə hər birimizin vəfa və şükran borcumuz var. Onları anmaq və gələcək nəsillərə tanıtmaq müqəddəs borcumuzdur. Şəhidlər məhz xatırlandıqca diri olurlar, ölməz olurlar. Əminəm ki, biz xalq, dövlət və ordu olaraq bundan sonra da sıx birliyimizi, həmrəyliyimizi qoruyub saxlayacayıq. Çünki Cənubi Qafqazda hələ də sülhün bərqərar olmasını istəməyən, mənfur düşmənimizi – Ermənistanı yenidən üzərimizə qızışdırmağa çalışan qüvvələr var. Havadarlarına arxalanan Ermənistan 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən hər vasitə ilə yayınır və tez-tez təxribatlar törədir. Lakin biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz yenə də Zəfər qazanacağıq”.