Bu il yanvarın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 11 milyard 434,4 milyon manat və yaxud 2023-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 9,3 %-i qədər olub.
Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 10 milyard 208,8 milyon manatı (6 milyard 005,2 milyon ABŞ dolları) və yaxud 89,3 %-i xarici kreditlərin, 1 milyard 225,6 milyon manatı və yaxud 10,7 %-i isə daxili kreditlərin payına düşüb. Xarici dövlət zəmanətli borcun 4 milyard 440 milyon ABŞ dollarını və yaxud 73,9 %-ni (7 milyard 548 milyon manat) “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanətidir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 52,4 %-ni sabit, 47,6 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 64,1 %, avro – 22,2 %, manat – 7,1 %, yapon yeni – 4,2 %, digər valyutalar – 2,3 %.
Dövlət zəmanətli borcun 68,8 %-i 5 ilə qədər olan müddətdə, 17,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 13,8 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Dövlət zəmanətli kreditlərin 15 %-i müxtəlif investorların, 5,6 %-i Dünya Bankının, 9,9 %-i Avropa İnvestisiya Bankının, 1,4 %-i İslam İnkişaf Bankının, 5,9 %-i Avropa Yenidənqurma və İnkişaf Bankının, 5,7 %-i Bank sindikatlarının, 4,2 %-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 10,7-i daxili kreditorların, 3,6 %-i Koreya İxrac-İdxal Bankının, 8,2 %-i Asiya İnfrastruktur İnvestisiya Bankının, 29,7 %-i isə digər kreditorların payına düşüb.