Azərbaycanın qaz ixracından gəlirləri 4,5 dəfə artıbbackend

Azərbaycanın qaz ixracından gəlirləri 4,5 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-may aylarında Azərbaycan 5 994 793,6 min ABŞ dolları dəyərində 9 458 059,77 min kubmetr təbii qaz ixrac edib.

İnterpress.az bildirir ki, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 3,1%, dəyəri isə 4,5 dəfəyə yaxın artıb.

Qeyd edək ki, ötən il Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.

Xatırladaq ki, artım Azərbaycan qazını Avropaya daşıyan 2020-ci ilin dekabrın 31-də istismara verilən Trans-Adriatik boru kəməri (TAP) hesabına baş verib. Bundan əlavə, dünya bazarlarında qazın bahalaşması da ixracdan əldə edilən gəlirlərə müsbət təsir edib.

Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.