Bakteriyalı DONDURMALAR: Onları yeyənləri hansı aqibət gözləyir? – ŞƏRHbackend

Bakteriyalı DONDURMALAR: Onları yeyənləri hansı aqibət gözləyir? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan dondurma məhsullarının siyahısı da təqdim olunub.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İnterpress.az-a açıqlamasında bildirib ki, AQTA-nın yaydığı bu məlumat diqqətəlayiqdir.

“Qida Təhlükəsi Agentliyinin bu cür adları deməklə yaydığı informasiyalar çox diqqətəlayiqdir. Yəni illər boyu AQTA bir çox məsələlərdə malların, müəssisənin adını demirdi. Bu çox yaxşıdır ki, artıq müəssisənin adı deyilir, malın adı çəkilir. Çünki istehlakcılar AQTA-nın belə məlumatlarından sonra mənə sonsuz sayda zənglər vururlar ki, harada satıldığı, hansı mal olduğunu gərək bizə deyilsin ki, biz onu tanıyaq. Bu, çox yaxşı cəhətdir. Bu, algışlanmalıdır.

Bu siyahı da ən az təhlükə törədən, nəticələrinə görə nüsbətən yaxşı, “Camal” LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmadır. Bizdə olan məlumata görə, həmin dondurmanın tərkibinə müəyyən texnik şərtlərə uyğun kokos yağı qarışdırırlar. Əlbəttə, bunu üstündə yazmalıdır .

Çox təəssüflər olsun ki, bir çox malların etiket məlumatları ilə tərkibinin, xüsusən, yağların mənşəyinin yazılmaması ciddi problemdir. Hələ iki ay bundan öncə mən Qida Təhlükəsizliyi Agentliyinin rəisi Qoşqar Təhməzliyə rəsmi məktub göndərmişəm. Çoxsaylı spred yağların, tərkibində bitki yağı adı altında naməlum yağların olduğunu qeyd eləmişəm və xahiş etmişəm ki, bunlar yoluna qoyulsun. Çünki istehlakçıların məlumat almaq hüququ var.

Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi yağlarla bağlı mənə yuvarlaq bir məktub verir və hələ də bu vəziyyət düzəlməyib. AQTA ictimai təşkilatın qaldırdığı yağlarla bağlı məsələyə məsələyə çox biganə yanaşıb. Lakin dondurmalarla bağlı işini dəstəkləyirəm.

Gərək belə hallarda AQTA həmin müəssisələrin işinin təkimləşdirilməsi, problemin aradan götürülməsinə nail olsun. Əlbəttə, müəssisələrin bağlanmasından söhbət gedə bilməz. Bu, kiçik sahibkarlara böyük zərbə ola bilər. Tez bir zamanda gərək tədbir görülsün”, – AİB sədri deyib.

“Bu vaxtadək bu dondurmaları yeyənlər olub, o insanların taleyi necə olacaq” sualına mütəxəssis belə cavab verib:

“Təəssüflər olsun ki, ölkədə malların geri çağırılma mexanizmi yox dərəcəsindədir. Əgər kimdəsə var, onu geri qaytarmaq imkanları yoxdur və bilinmir kimdədir. Əfsuslar olsun ki, bazarın qıda seqmentində bu kimi hallar yaşanır. Bir də təəssüf edəm ki, Qıda Təhlükəsizliyi Agentliyinin əl-qolu bağlıdır əslində və onların cəld reaksiya mexanizmi yoxdur. Mütləq AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır. İstənilən istehlakçının zəngi əsasında onlar cəld yoxlama aparmaq imkanına malik olmalıdırlar.

Sahibkarların yoxlanmasının məhdudlaşdırılmasına dair dövlətin qərarını biz də algışlayırıq, lakin qida məsələsində istisna olmalıdır. Mütləq qida məsələsində cəld yoxlama məsələsi olmalıdır. Uzun bürokratik yoxlama proseduru mütləq aradan qaldırılmalıdır”.

Daha sonra AİB sədri alıcıların bakteriya aşkarlanan dondurma siyahılarını üzərlərində gəzdirməli olmaları ilə bağlı zənglərindən danışıb.

“İstehlakçılar mənə zəng vurub deyirlər ki, əlimizdə siyahı ilə gəzək ki, bu, AQTA-nın siyahısında var, yoxsa yox.Əlbəttə, bu doğru addımdır istehlakçılar tərəfindən. Gərək bu mallar təcili geri çağırılsın, satışdan götürülsün və onların ictimai məhvetməsi həyata keçirilsin. Bu, kütləvi informasiya işçilərinin, ictimai təşkilatların gözü önündə baş versin.

Təəssüf ki, biz bunu görmürük ki, və bunlar necə geri çağırılır, harada yığılır, harada məhv olunur, bu məsələlər görünmür. Düşünəm, AQTA bu məsələlərə də aşkarlıq gətirməlidir.

O ki qaldı həmin bakteriyalar hansı xəstəliklər törədə bilər? Şübhəsiz ki, mədə-bağırsaqla bağlı ciddi xəstəliklərdir. Bu cür bakteriyaların qarşısı mütləq alınmalıdır”, – mütəxəssis fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az