Belarusda yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb və bununla bağlı rəsmi İrəvana təsir göstərməsi üçün Belarusun dövlət qurumlarına – Nazirlər Kabinetinə, Parlamentə, Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Belarusun Azərbaycan İcmaları Konqresi adından yayılan bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında son təxribat əməllərindən sonra bölgədə vəziyyət gərginləşib və hərbi əməliyyatlar başlayıb. Nəticədə hər gün onlarla dinc sakin həlak olur və yaralanır, yaşayış məntəqələri dağıdılır, evlərə ziyan dəyir.
Minsk və digər şəhərlərdə yaşayan soydaşlarımızın adından yayılmış bəyanatda Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə, münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyini müdafiə etdiyinə görə minnədarlıq bildirilib.
Eyni zamanda, bəyanatda Ermənistan hökumətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal tərk etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normalara riayət etməyə çağırış edilib.
İnterpress.az