Belçika hökuməti qida istehsalçılarından supermarketlərdə məhsulların qiymətlərini aşağı salmağı tələb edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belçikanın iqtisadiyyat naziri Pierre Yves Dermagne Belçika Qida Sənayesi Federasiyası (Fevia) və qiymət monitorinqi agentliyinin nümayəndələri ilə görüşdən sonra ölkədə əsas ərzaq məhsullarının qiymətlərinin aşağı salınması ilə bağlı açıqlama verib.
Qida istehsalçılarının ən geci iyul ayının ortalarına qədər supermarketlərdə ərzaq qiymətlərini endirməsini gözlədiyini ifadə edən Dermagne qida tədarükü danışıqlarında sektordan qiymətləri endirməyi tələb etdiyini ifadə edib:
“İstehlakçıların mağazalarda qiymət enişinin təsirini hiss etmək üçün aylarla gözləməsi qəbuledilməzdir”
Belçika ilə qonşu ölkələr arasında əsas ərzaq məhsullarında böyük qiymət fərqlərinin olduğunu qeyd edən Dermagne bu məsələni yaxından izləyəcəyini qeyd edib.
O, xərclərin azalmasına baxmayaraq qiymətləri azaltmaq üçün addım atmayan qida istehsalçılarını ictimaiyyətə açıqlayacağını da bildirib.
Belçikada son 1 ildə yaşanan enerji böhranının təsiri ilə əsas ərzaq qiymətlərinin artması bazarlarda qiymətlərin sürətlə artması ilə nəticələnib.
Lakin son zamanlar dünya bazarlarında enerji, taxıl, süd, yağ kimi bir çox əsas məhsulların qiymətləri ucuzlaşsa da, bu vəziyyət ölkədəki qiymətlərdə özünü göstərmir.
Belçika ilə qonşuları Fransa və Almaniya arasında əsas məhsulların qiymətləri ilə bazar qiymətləri arasında da böyük fərq var.
Bir çox belçikalı da alış-verişə qənaət etmək üçün qonşu ölkələrə getməyə başlayıb.






