Beyləqanda polisə atəş açan şəxsin həbs müddəti uzadılıbbackend

Beyləqanda polisə atəş açan şəxsin həbs müddəti uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq etməkdə təqsirləndirilən Eldəniz Alışovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə Beyləqan Rayon Məhkəməsində qərar elan olunub.

Məhkəmə istintaq orqanının təqdimatını təmin edərək E.Alışovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 3 ay artırıb.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Qeyd edək ki, hadisə 2021-ci il noyabrın 30-da Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində xidmətdə olan Beyləqan RPŞ-nin Post Patrul Xidməti bölməsinin polis nəfərləri – Mirsahib Abdullayevlə Sarvan Çıraqzadə kənd sakini, 1981-ci il təvəllüdlü E.Alışova yaxınlaşaraq, onun üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb edib.

Bu zaman E.Alışov silahın qeydiyyatsız olduğunu bildirib. Polis əməkdaşları isə silahı təhvil verməsini tələb etdikdə isə o, S.Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib. E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.