Biləsuvar rayonunun mərkəzi bazarında məişət tullantılarının vaxtında daşınmaması problemlər yaradıb.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, bazarın önü zibil paliqonun xatırladır.
Əsasən həftənin bazar günü vaxtında boşaldılmayan zibil qutuları xoşagəlməz vəziyyət yaradır:
“Zibilləri vaxtında daşımadıqları üçün tulantıları külək ətraf ərazilərə yayır. Buna görə də, iy və zibil əlindən küçədən keçmək olmur. Bəzən günlərlə ərazidə qalaq-qalaq zibil yığılaraq qalır. Xahiş edirik ki, aidiyyəti qurumlar bununla bağlı bir tədbir görsünlər”.
Məsələ ilə bağlı Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatından bildirilib ki, müvafiq normalara əsasən, 24 saat ərzində bir dəfədən az olmamaqla məişət tullantıları zibil qabılarından boşaldılır:
“O ki, qaldı mərkəzi bazardakı məsələyə, bazar günü həmin ərazidə nəqliyyat vasitələrinin sıxlığı yaşandığı üçün biraz gecikmə baş verir. Həmin ərazidəki məişət tullantıları münasib vəziyyət yaranan kimi daşınır. Orda zibillərin günlərlə qalması məsələsi həqiqəti əks etdirmir”.