Dünyada mədənlərin bağlanması planları və bazarın ucuz və təmiz enerji mənbələri olan külək və günəş enerjisi sektoruna çevrilməsi səbəbindən 2050-ci ilə qədər təxminən 1 milyon mədənçinin işdən çıxarılma riski ilə üzləşdiyi müəyyən edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Beynəlxalq beyin mərkəzi Global Energy Monitor (GEM) tərəfindən hazırlanan Global Coal Mine Tracker hesabatında qlobal kömür istehsalının 90 faizindən məsul olan 4300 aktiv və planlaşdırılan kömür mədənində məşğulluq məlumatları dərc edilib.
Bu çərçivədə ilk olaraq açıqlanan araşdırmaya görə, dünyada fəaliyyət göstərən kömür mədənlərində 2,7 milyon mədənçi birbaşa olaraq çalışır.
Kömür sənayesinin 2035-ci ilə qədər yarım milyona yaxın iş yerini ixtisar edəcəyi proqnozlaşdırılır. Bu, gündə orta hesabla 100 işçinin işdən çıxarılma riski ilə üzləşməsi deməkdir.
Proqnozlaşdırılan mədənlərin bağlanmasını nəzərə alsaq, 2050-ci ilə qədər təxminən 1 milyon iş yerinin itiriləcəyi təxmin edilir.
Kömür mədənlərində ümumi məşğulluğun 2,2 milyonu Asiyada olsa da, mədənlərin bağlanmasından ən çox Çin və Hindistanda məşğulluğun təsirlənəcəyi proqnozlaşdırılır.
Dünya kömür hasilatının yarısından çoxunu təşkil edən Çində mədənlərdə 1,5 milyondan çox mədənçi çalışır. Rəsmi qeydlərə görə, dünyanın ikinci ən böyük kömür istehsalçısı olan Hindistanda 337 min 400 mədənçi çalışır.
Bu iki ölkəni 160 min mədənçi ilə İndoneziya, 109 min nəfərlə Rusiya və 90 min nəfərlə Avropa izləyir ki, bunun da əksəriyyəti Polşadadır.
Hindistanın dövlət şirkəti olan Coal India 2050-ci ilə qədər 73 min 800 nəfəri işdən çıxarma riski olan şirkətlər arasında birinci yerdədir.
Türkiyədə mədənlərdə təxminən 12 min insanın işlədiyi və 2050-ci ilə qədər 2 min mədənçinin işsiz qalma riski ilə üzləşdiyi təxmin edilir.
GEM Global Coal Mine Tracker Layihə Meneceri Dorothy Mei, hesabatı qiymətləndirərkən, kömür mədənlərinin bağlanmasının qaçınılmaz olduğunu ifadə etdi və işçilər üçün yaranacaq iqtisadi və sosial çətinliklərin qarşısının alına biləcəyini qeyd edib.