“Bizi güc tətbiq etməyə məcbur edirlər”.
Bu sözləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal Natiq Çıraqzadə deyib.
“Günlərdir suveren Azərbaycan ərazilərindən yerləşmiş separatçı,qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında rəşadətli Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərir. Əslində tarixi Azərbaycan torpaqlarında Ermənistanın 30 illik işğal siyasəti dönəmində də bu kimi təxribatçı və cinayət xarakterli əməlləri səngimək bilmədi. Bu 30 il ərzində Azərbaycan dövlətinin beynəlxalq birliyə,eləcə də,sülhün bərpası istiqamətində fəaliyyət göstərən yaxud göstərdiyini iddia edən region və dünya dövlətlərinə ardıcıl,israrlı çağırışlarına baxmayaraq, Ermənistan tərəfinə ya da qondarma rejimin “rəhbərliyinə” bu və digər cinayətləri ilə bağlı tutarlı cavab verilmədi, hansısa adekvat tədbir görülmədi.
Ümumi mənada məhz dünya birliyinin bu kimi biganəlikləri, Azərbaycan dövlətinə və Müzəffər Azərbaycan Ordusuna Vətən torpaqlarını işğal altından azad etmək üçün Vətən müharibəsini başlatmaqdan başqa alternativ yol tanımadı. Bizim üçün isə elə indi də dəyişən bir şey yoxdur : Azərbaycan haqlı, həmçinin qalib tərəfdir və müharibədən daha da güclənərək çıxıb. Başda Azərbaycan dövləti olmaqla,istər Azərbaycan ictimaiyyəti, istər Azərbaycan mediası, istərsə də, qalib Azərbaycan Ordusu yenidən birlik olmağa və bizə qarşı yönəlmiş bu təhdidləri aradan qaldırmağa qadirdir. Vətən müharibəsindən bu vaxta qədər Azərbaycan istənilən platformada və istənilən formatda Ermənistan tərəfi ilə danışıqlarda yekun sülhün əldə olunmasına fokuslanıb,ancaq hər birimizə məlumdur ki, sülhün birtərəfli qaydada əldə olunması nə real,nə də arzuolunandır. Bu kimi təxribatlara hələ də davam etməklə Ermənistan tərəfi,onun siyasi-hərbi rəhbərliyi bizi yenidən güc tətbiq etməyə və mübarizəmizi hərbi sferaya keçirməyə məcbur edirlər”, – o əlavə edib.