Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində əməliyyatların sürətləndirilməsinə və bu “həyati vacib” təşəbbüsün genişləndirilməsinə çağırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMT mətbuat katibinin müavini Farhan Haq tərəfindən edilən yazılı açıqlamada, Quterreşin yoxlamaların ləngiməsi və Yujnı/Pivdennıy limanının ləğv edilməsindən təəssüfləndiyi bildirilib.
Açıqlamada bu vəziyyətin gəmilərin hərəkətliliyinin azalmasına və qlobal bazarlarda ərzaq tədarükünün azalmasına səbəb olduğu qeyd edilib.
“BMT-nin baş katibi tərəfləri əməliyyatları sürətləndirmək və bu həyati təşəbbüsün müddətini uzatmaq üçün bütün lazımi səyləri göstərməyə çağırır”, – bəyanatda deyilir.
Bəyanatda BMT-nin taxıl təşəbbüsünə və Rusiya ilə BMT arasında imzalanmış anlaşma memorandumuna tam sadiq olduğu vurğulanaraq, təşəbbüsün xüsusilə Ukrayna və Rusiyada biçin vaxtının başladığı bu dövrdə əhəmiyyətli olduğuna diqqət çəkib.
Qara dəniz taxıl dəhlizi sazişi
Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə BMT, Rusiya Federasiyası, Türkiyə və Ukrayna arasında Qara Dəniz Taxıl Dəhlizi Sazişi imzalanıb.
19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılan müqavilənin 18 Martda yenidən uzadılmasına qərar verilib.
İyulun 18-də başa çatacaq müqavilə ilə bağlı Rusiya rəsmiləri onun uzadılması üçün bir imkan görmədiklərini bildiriblər.