Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə məlumatına görə, bir çox ölkə vəba epidemiyası ilə üzləşib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Halların sayının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu bildirilib.
43 ölkədə bir milyard insanın vəba riski altında olduğu qeyd edilən açıqlamada, xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu riskin çox daha yüksək olduğu vurğulanıb.
Açıqlamada qeyd olunub ki, vəbadan ölüm halları həyəcan verici səviyyədə artıb. Bu il Malavi və Nigeriyada yoluxma sayının gözləniləndən çox olduğu ifadə edilən açıqlamada Malavi, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyaların Cənub-Şərqi Afrikanı ciddi şəkildə təsir etdiyi bildirilib.
Bu ilin fevral və mart aylarında Freddi qasırğası Malavi və Mozambikdə 800 min insanın məcburi köçkün olmasına və səhiyyə xidmətlərindən istifadə edə bilməməsinə səbəb olub. Buna görə də leysan yağışlar və daşqınlar bölgədə vəba riskini artırıb.
ÜST-nin qlobal vəba reaksiyası üzrə direktoru Henri Qrey qeyd edib ki, onlar vəba hadisələrinin mövsümi olaraq dəyişə biləcəyini və daha çox arta biləcəyini proqnozlaşdırırlar.
UNİCEF ilə sıx əməkdaşlıqda çalışdıqlarını ifadə edən Qrey, 2025-ci ilə qədər peyvənd dozalarını ikiqat artırmalı olduqlarını söyləyib.






