Bosniya və Herseqovina və Xorvatiyada güclü yağışlar nəticəsində daşqınlar baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bosniya və Herseqovinanın Mülki Müdafiə Departamentindən bildirilib ki, ölkənin şimal-qərbindəki Krajina bölgəsində dünən axşam saatlarında başlayan şiddətli yağış nəticəsində bəzi ev və iş yerləri su altında qalıb. Una və Sana çayları kritik səviyyəyə çatıb.
Bihacın Kulen Vakuf bölgəsində çoxlu evin su altında qaldığı bildirilən açıqlamada ölkənin digər bölgələrində də su basma təhlükəsinin olduğu bildirilib.
Yağışların cümə axşamına qədər ölkə daxilində davam edəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Digər tərəfdən, Sanski Most şəhəri seldən sonra təbii fəlakət bölgəsi elan edilib.
Xorvatiyada yağan güclü yağış Zadar bölgəsinə təsir edib, şəhərin bir çox yolları su altında qalıb.
Yağışlar səbəbindən Obrovac və Qrakac şəhərlərində daşqınlar baş verib, əraziyə yanğınsöndürənlər və evakuasiya qayıqları göndərilib.
Ordu daşqınla mübarizə üçün ərazidə 300 şəxsi heyətin olduğunu bildirib.