Böyük Britaniyada sadiq itin külünü kosmosa uçuraraq onunla vidalaşıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Böyük Britaniyada ev heyvanının sahibləri onunla olduqca qeyri-adi və təsirli şəkildə vidalaşıblar. Beynindəki bədxassəli şiş səbəbindən qəfildən tələf olan “Oskar” adlı itin külünü xüsusi kapsula yerləşdirərək kosmosa buraxıblar.
Heyvanın sahibi dostu ilə birlikdə itin sağlığında reallaşdıra bilmədikləri “dünyanı görmək” arzusunu bu şəkildə həyata keçirmək qərarına gəliblər.
İtin külü onun ən sevimli oyuncağı (məşhur “Oyuncaqların hekayəsi” cizgi filmindəki yadplanetli personajı) və xüsusi GPS izləyicisi ilə birlikdə kapsulaya qoyularaq Raqbi şəhərindən göyə buraxılıb.
Meteoroloji zond təxminən 36 kilometr hündürlüyə qalxaraq orada partlayıb və itin külü atmosferin yuxarı qatlarında havaya sovrulub.
Avadanlığın yerləşdiyi konteyner isə paraşütlə start nöqtəsindən təxminən 90 kilometr uzaqlığa sağ-salamat eniş edib.
Bu qeyri-adi uçuş həm də heyvan sahiblərinin startap şirkəti tərəfindən ev heyvanları üçün xüsusi hazırlanmış yeni GPS izləyicisinin ilk uğurlu sınağı olub.
Xuraman Etibarlı
İnterpress.аz






