“Bu, Azərbaycanın suverenliyinə qəsddir” – Sülhməramlılar cinayətkarı himayə edirbackend

“Bu, Azərbaycanın suverenliyinə qəsddir” – Sülhməramlılar cinayətkarı himayə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin başçısı Arayik Harutyunyan iki gün əvvəl Ağdərədə yüzdən artıq sakinin iştirakı ilə görüş keçirib. O deyib ki, Azərbaycanın azad etdiyi rayonlardan olan ermənilərin Ağdərədə yerləşdirilməsinə başlanılacaq. Harutyunyan bundan əvvəl Xankəndi və Xocavənddə də analoji görüşlər keçirib. Məlumdur ki, hazırda həmin ərazilərə Rusiya sülhməramlıları nəzarət edir.

Maraqlıdır, sülhməramlılar qondarma rejimin rəhbərinin bu cür fəaliyyətinə niyə şərait yaradır?

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Yenisabah.az-a açıqlamasında Arayik Harutyunyanın bu addımının cinayət mahiyyəti daşıdığını vurğulayıb:

“Bu hərəkət qanundan kənardır, Azərbaycanın suverenliyinə qəsddir. Bəlli olduğu kimi, indi ermənilərin sıx yaşadığı yerlər də, keçmiş Qondarma Dağlıq Qarabağ da beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi təsdiq edilib. Dünyanın aparıcı dövlətləri də birmənalı şəkildə sərhədlərimizi tanıyıb. Bu baxımdan Harutyunyanın hərəkətləri beynəlxalq hüquq normalarının tapdanmasıdır”.

Millət vəkili Harutyunyanın fəaliyyətinin bu cür yeni çalarlar kəsb etməsinin təsadüfi olmadığını bildirib:

“O,  Rusiyanın sülhməramlı qüvvələri tərəfindən hərtərəfli himayə olunur. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı sənəddə “Azərbaycan ərazisində yerləşən silahlı qüvvələrin tamamilə tərksilah edilməsi və ona paralel olaraq sülhməramlı qüvvələrin yerləşdirilməsi” maddəsi kobud şəkildə pozulub. Sülhməramlılar tərəfindən himayə edilən Harutyunyan istənilən hərəkəti ortalığa qoyur və özü üçün gələcəklə bağlı daha ciddi problemlər yaradır.

Təbii ki, biz 44 günlük müharibə ilə ərazi bütövlüyümüzü təmin etdik, erməni işğalına son qoyduq. İndi problemimiz Rusiya sülhməramlılarının öz funksiyaları çərçivəsindən kənara çıxaraq fərqli davranışlar ortaya qoyması və Harutyunyan kimi cinayətkarları himayə etməsidir. Düşünürəm ki, bu da vaxtında aradan qaldırılacaq. Çünki bu cür davranışlar uzun müddət davam edə bilməz. Azərbaycan xalqı prezidentimizlə, ordumuzla bərabərdir. Biz bu birliyi 44 günlük müharibə dövründə dünyaya nümayiş etdirdik. Yeri gələrsə, birliyin rəmzi olan dəmir yumruq öz sözünü deyəcək, buna heç kəsin şübhəsi olmasın”.