“Bu hadisə İranın ictimai-siyasi və iqtisadi həyatına çox ciddi təsir edəcək” – POLİTOLOQbackend

“Bu hadisə İranın ictimai-siyasi və iqtisadi həyatına çox ciddi təsir edəcək” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digərləri helikopter qəzasında həlak olub.

İranın daxili və xarici siyasətində gərginliyin olduğunu nəzərə alsaq, prezidentin, həmçinin xarici işlər nazirinin qəfil ölümü ölkənin həm daxili, həm də xarici siyasətinə necə təsir edəcək, siyasi vektorda dəyişiklik olacaqmı?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.

O bildirib ki, bu hadisə İranın ictimai-siyasi və iqtisadi həyatına çox ciddi təsir edəcək.

“Əlbəttə, İranda prezidentin və xarici işlər nazirinin həlak olması ilə nəticələnən bu qəza bütün dünyanı şok vəziyyətinə salıb. Bu hadisə hələ uzun müddət dövlətlərarsı münasibətlər və kütləvi informasiya vasitələrinin diqqəti mərkəzində olacaq.

Belə hadisələr həqiqətən tarixdə çox nadir hallarda baş verən hadisələr qismindədir. Bu hadisə eyni zamanda İranın ictimai-siyasi və iqtisadi həyatına çox ciddi təsir edəcək. Baxmayaraq Ali dini lider qəzanın İranın daxili və xarici siyasi kursuna təsir etməyəcəyini vurğulayıb. Bunun belə olmadığı artıq indidən hiss olunur.

İran sözün əsil mənasında çalxalanır. Dövlət və dini rəhbərlər var qüvvələri ilə sabitliyi qorumağa çalışırlar. Hakimiyyət orqanlarının ən başlıca vəzifəsi hazırda qəzaya düşənləri hadisə yerindən çıxarmaq və onları Tehrana aparmaqdır.

Qəzada vəfat edənlərlə bağlı, heç şübhəsiz, bir həftəlik matəm elan olunacaq. Bu bir həftə ərizndə həyatını itirmiş prezident və xarici işlər nazirinin dəfni ilə paralel olaraq hadisənin baş vermə səbəblərinə aydınlıq gətiriləcək.

Bu səbəblər məlum olduqdan sonra, böyük ehtimalla İranın həm daxili, həm də xarici siyasətində baş verə biləcək dəyişikliklər barəsində danışmaq olar. İndiki halda isə mühakimə yeritmək tezdir.

Əlimusa İbrahimov hadisənin səbəbləri barədə ilkin versiyalardan da danışıb.

“Hazırda biz qəzanın baş vermə səbəbləri haqqında müəyyən hipotezlər irəli sürə bilərik.

Məlum olduğu kimi artıq ilkin versiyalar irəli sürülməkdədir. Bunların arasında hətta ağıla gəlməyən versiyaların da olmasına baxmayaraq, hələlik 3 versiya üzərində müzakirələr gedir: sui-qəsd, hava şəratinin pis olması və texniki nasazlıq.

Düşünürəm ki, sonda dövlət məqsədyönlü şəkildə ikinci versiya üzərində dayanacaq. Çünki bu versiya hakimiyyəti və İranı rejimini bu qəzanın məsuliyyətindən qurtarmaq üçün ən yaxşı variantdır. Digər iki variant dövlətin özünün legitimliyini və mövcudluğunu kolgəyə salır”, – politoloq vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az