Cəlilabadda kartofun kəskin ucuzlaşmasının səbəbi məlum olub.
İnterpress.az-ın məlumaına görə, son günlər Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.
Bunun səbəblərini öyrənmək üçün qısa bir araşdırma aparıb, mütəxəssis fikri öyrəndik.
Kənd təsərrüfatı mütəxəssisi İmran Babayevin sözlərinə görə, hazırda kartof yığımının qızğın vaxtıdır. Bu il məhsul bol yetişdirilib:
“Lakin məhsulun satış qiymətidə müəyyən problemlər yaranıb. Belə ki, Cəlilabad kartofu daha çox Rusiya Federasiyasına ixrac olunur. Hazırda isə Rusiyanın müxtəlif vilayətlərində də kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa tələbatı azaldıb”.
Həmçinin mütəxəssisin fikrincə, bölgədə emal müəssisələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.
Qeyd edək ki, son günlər məhsulun qiymətinin aşağı düşməsi fermerləri çətin vəziyyətə salıb.
Belə ki, bir neçə həftə əvvəl 0.60 – 1 manata satılan kartofun indiki qiyməti 20-25 qəpik civarındadır. Bu qiymətə məhsulun satılması isə ona çəkilən xərcləri belə ödəmir.