Cənubi Koreyada ölkəyə gələnlər üçün COVID-19 karantin və test tələbi iyun ayında aradan qaldırılacaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Seul administrasiyası bununla bağlı qərarı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etməsindən sonra qəbul edib.
Bu çərçivədə COVID-19 ilə ölkəyə daxil olan şəxslərə tətbiq olunan 7 günlük karantin və ölkəyə girişdən 3 gün əvvəl test etmək məcburiyyəti ləğv ediləcək, kiçik xəstəxanalarda və səhiyyə müəssisələrində maska taxmağa ehtiyac olmayacaq.
Səhiyyə rəsmiləri COVID-19 üçün müsbət test edən insanlara 5 gün ərzində özünü təcrid etməyi tövsiyə etməyə davam edib.
Prezident Yoon Suk Yeol koronavirusla mübarizə aparan bütün tibb işçilərinə təşəkkür edib.
O, təxminən 3,5 ildən sonra insanların normal həyata qayıtmasından xoşbəxt olduğunu söyləyib.
Yoon qeyd edib ki, hökumət yaxın illərdə müşahidə oluna biləcək epidemiyalarla mübarizə imkanlarını artırmaq üçün müvafiq addımlar atacaq.