Cənubi Sudan Prezidenti Salva Kiir Mayardit 2024-cü ildə prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, ölkədə başlamış vətəndaş müharibəsi səbəbiylə təxirə salınan seçkilərin gələn il baş tutacağı proqnozlaşdırılıb.
Daxili ziddiyyətlər və sülh razılaşmasının pozulması səbəbindən dəfələrlə təxirə salınan seçkiləri keçirməkdə qərarlı olduğunu ifadə edən Mayardit partiyasından dəstək istəyib.
Mayarditə qarşı namizədliyini açıqlamaq üçün hələ bir ad yoxdur.
2011-ci ildə Sudandan müstəqillik qazandıqdan sonra Mayarditin idarə etdiyi ölkə vətəndaş müharibəsi səbəbindən həm iqtisadi, həm də siyasi böhrana sürüklənib.
Mayardit 16 dekabr 2013-cü ildə “çevriliş cəhdi” iddiası ilə müavini Riek Macarı işdən çıxardıqdan sonra Cənubi Sudan vətəndaş müharibəsinə qərq olmuşdu.
İllərdir davam edən müharibədən sonra 2018 və 2022-ci illərdə tərəflər sülh müqaviləsi imzalasa da, ictimai asayişin və təhlükəsizliyin təmin oluna bilmədiyi ölkədə müxtəlif tayfa və qruplar arasında zorakılıq davam edir.