Çinin Tianjin şəhərində bir ərazidən keçən yolda yaranan çatlar səbəbindən 3899 nəfər evlərindən təxliyə edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mayın 31-də Çinin Tianjin şəhərinin Cinnan rayonundakı ərazidən keçən yolun bir çox yerində çatlar müşahidə edilib.
Tianjin yerli hökuməti tərəfindən edilən açıqlamada hadisənin “qəfil geoloji fəlakət” olaraq xarakterizə edildiyi və çatların 1300 metrdən çox dərinlikdəki yeraltı boşluqlardan yarana biləcəyi qeyd olunub.
Nadir olduğu bildirilən bu tip çökmənin geotermal quyularda qazma işləri nəticəsində baş verə biləcəyi də bildirilib. Bölgədə müşahidə və araşdırma aparmaq üçün müxtəlif nazirliklərdən 20-dən çox ekspert və 10-dan çox peşəkar qrup cəlb edilib.
Bildirilib ki, hər biri 25 mərtəbəli olan ən azı 3 binada yaşayan 3899 nəfər iyunun 3-dən yaranmış uçuruma görə evlərindən çıxarılaraq yaxınlıqdakı otellərə yerləşdirilib. Sosial mediada paylaşılan görüntülərdə binaların ətrafındakı yolların qabardığı, binalarla torpaq arasında çatların əmələ gəldiyi kameraya əks olunub.