“Apple” daha çox ABŞ istehsalı olan hissələri istifadə etmək üçün ABŞ-ın çip istehsalçısı “Broadcom” ilə bir neçə milyard dollarlıq müqavilə elan edib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Uzun illər davam edəcəyi açıqlanan müqavilə çərçivəsində iki ABŞ şirkəti Amerikada dizayn edilərək istehsal olunacaq 5G cihazları üçün komponentlər hazırlayacaq.
“Apple” sövdələşmənin 2021-ci ildə ABŞ iqtisadiyyatına 430 milyard dollar sərmayə yatırmaq planının bir hissəsi olduğunu söyləyib.
Bu addım Vaşinqton və Pekin arasında texnoloji sənaye mərkəzli ticarət mübahisəsinin kəskinləşməsi fonunda atılıb.
“Apple”dan bildirilib ki, müqavilə çərçivəsində Broadcom 5G radiotezliyi komponentləri və FBAR filtrləri də daxil olmaqla ən müasir simsiz əlaqə komponentləri hazırlayacaq.
FBAR filtrlərinin Amerikanın bir neçə əsas istehsal və texnologiya mərkəzlərində layihələndiriləcəyi və hazırlanacağı və “Apple”ın hazırda Broadcom-un Fort Collins FBAR filtr istehsal müəssisəsində 1100-dən çox işi dəstəkləməyə kömək etdiyi bildirilib.
5G texnologiyasının gələcək nəsil istehlakçı elektronikasının gələcəyini formalaşdırdığı və “Apple”ın ABŞ-da bu sahəni inkişaf etdirmək üçün on milyardlarla dollar xərclədiyi vurğulanarkən, bu investisiyaların şirkətin öhdəliyinin bir hissəsi olduğu ifadə edilib.
“Apple” ABŞ təchizatçıları ilə birbaşa xərclər, məlumat mərkəzinə investisiyalar, ABŞ-da kapital xərcləri və digər yerli xərclər hesabına hədəfinə çatmaq yolundadır.