Kolumbiyada hamilə qadını öldürüb, körpəsini bətnindən kəsərək qaçırıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kolumbiyada eşidənləri dəhşətə gətirən son dərəcə amansız cinayət hadisəsi baş verib. 21 yaşlı hamilə qadın Mariya Kamila Potosi planlı həkim müayinəsindən çıxdıqdan sonra qəfildən yoxa çıxıb.
Onu sonuncu dəfə naməlum bir qadının idarə etdiyi motosikletə əyləşərkən görüblər.
Yoxa çıxdıqdan dörd gün sonra gənc qadının əlləri və ayaqları bağlanmış, bıçaqlanmış cəsədi çay kənarında aşkarlanıb.
Müayinələr zamanı bətndəki səkkiz aylıq körpənin qəddarcasına kəsilərək oradan çıxarıldığı və qaçırıldığı məlum olub.
Hazırda Kolumbiya hüquq-mühafizə orqanları qaçırılan yeni doğulmuş körpənin tapılması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirirlər.
Həlak olan qadının anası nəvəsinin hələ də sağ olduğuna və tezliklə tapılacağına ümid etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.аz






