Əfqanıstan su böhranı ilə üzləşib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Kabildə su əldə etmək üçün böyük səylər göstərən əfqanların qarşılaşdıqları çətinliklər müzakirə edilib.
Əfqanıstan qlobal istiləşmədən ən çox fəsadları ilə üzləşən ölkələrdən biri olduğuna görə bu vəziyyət insanların suya çıxışına da birbaşa təsir edir.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına görə, 2021-ci ildə ölkə daxilində su çatışmazlığı olan ev təsərrüfatlarının nisbəti 48 faiz olduğu halda, 2022-ci ildə bu rəqəm 60 faizə yüksəlib.
Qlobal istiləşmə və quraqlıqdan əlavə, ölkədə uzun illər davam edən münaqişə nəticəsində infrastruktur zədələnib və bu, əfqanların suya çıxışını çətinləşdirib.
Hazırda Kabilin bəzi məhəllələrində aylardır su gəlmir.
Mərkəzdə yerləşən yüksək dağlıq qəsəbələrdə evlərə su aparan xətlər yoxdur.
Əslində, qızmar yay aylarında su təchizatı bu rayonlarda yaşayan insanların ən böyük sınağına çevrilib.
Kabildə həddindən artıq istilərlə mübarizə aparan insanlar isə işlərindən geri qalaraq gündə 4-5 saat su axtarmağa sərf edirlər.
Evinə su aparmaq istəyənlərin köməyinə küçə fəvvarələri, məscidlər, su quyuları, avtoyuma məntəqələri gəlsə də, su təchizatı adətən pullu olur.
Fəvvarələrə axın edən insanlar tez-tez əllərində plastik qablarla uzun növbələr yaradırlar.
Xüsusilə iş saatlarından sonra su növbəsi artır.
İnsanlar tapdıqları suyu əl arabaları və ya eşşəkləri ilə evlərinə aparırlar.