Əks- hücum əməliyyatlarının İkinci mərhələsi başlayır: Daha təsirli olacaqbackend

Əks- hücum əməliyyatlarının İkinci mərhələsi başlayır: Daha təsirli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, Ukrayna ordusu əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb.

O qeyd edib ki, Ukrayna ordusu Zaporojye vilayətinin Haliaipole şəhərinə ehtiyat qüvvələr yerləşdirib.

V.Roqovun sözlərinə görə, Ukrayna ordusunun strateji ehtiyat qüvvələri Zaporojye və Dneprdə cəmləşib.

Onun fikrincə, bu, həm də Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ikinci mərhələsini göstərə bilər.

Ukrayna Silahlı Qüvvələri təxminən 1 aydır ki, aktiv əks-hücum əməliyyatları aparır. İndiyədək təkcə Ukraynanın cənubunda 130 kvadrat kilometr ərazi azad edilib. Ən mühüm nailiyyətlərdən biri isə odur ki, Ukrayna ordusu 2014-cü ildən bəri işğal altında olan Donbas vilayətinə girib. Donbasda bəzi ərazilər artıq Ukrayna ordusunun nəzarəti altındadır. Bu, sözsüz ki, mühüm uğurdur. Əlbəttə, Ukrayna ordusunun xüsuslə son günlər əldə etdiyi uğurlarda “Vaqner” muzdlu hərbi təşkilatının Rusiyadakı qiyamının da müəyyən rolu oldu. Böyük ehtimalla Ukrayna ordusu əks-hücum əməliyyatlarını bundan sonra da davam etdirəcək.

Qərbin dəstəyinin davam edəcəyi gözləniləndir. Bu isə əks-hücum əməliyyatlarının davam etməsinə imkan verəcək.

V. Roqov o qədər də ciddi fiqur deyil. Hakimiyyəti təmsil etmir. Onun fikirləri, çox güman (əgər sifariş deyilsə) sadəcə ehtimaldır. Amma indiki vaxtda belə bir bəyanat nəyə hesablanıb? Görünür, Ukrayna uğurlu əks-hücum əməliyyatları ilə Rusiyanı sözün əsl mənasında fakt qarşısında qoyub. Moskvada başa düşürlər ki, rəsmi Kiyev asanlıqla sakitləşməyəcək. Ola bilsin, elə buna görə də, ictimaiyyət gələcək hadisələrə hazırlanır.

Bir sıra rəsmi və qeyri-rəsmi mənbələrin məlumatına görə, Ukrayna hələ tam gücü ilə əks- hücum əməliyyatlarına başlamayıb və hazırkı proseslər sadəcə “nəbz yoxlamaqdır”. Ola bilsin, Rusiyanın qorxudan budur. Şübhəsiz ki, Qərbin dəstəyi Ukraynanın arzu etdiyi səviyyədə olarsa və F- 16 qırıcıları tədarük edilərsə, əks – hücum əməliyyatları qat- qat daha effektiv ola bilər. Hərçənd F- 16 – ların yarım ildən tez təhvil veriləcəyi gözlənilmir. Bu isə o deməkdir ki, müharibə hələ uzun çəkəcək və Ukrayna bu müddət ərzində boşluğa yol verməməli, ancaq irəliləməli və işğaldan azad etdiyi yerlərdə möhkəmlənməlidir.

Düşünürəm ki, Rusiyalı siyasətçinin “əks – hücum əməliyyatlarının ikinci mərhələsi” adlandırdığı məhz daha aktiv və daha şiddətli əməliyyatlardır. Fikrimcə, Rusiyanı çətin günlər gözləyir.

Kənan Novruzov
İnterpress.az