Əlcəzairin Becaya və Cicel əyalət prokurorluğu ölkənin müxtəlif şəhərlərində 34 nəfərin həyatını itirdiyi meşə yanğınları ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Becaya və Çicel Respublika Baş Prokurorluqlarının yanğınların səbəblərini araşdırmaq və günahkarları ortaya çıxarmaq üçün ilk istintaqın açılmasına qərar verdiyi bildirilib.
Qeyd olunub ki, cinayət aşkar olunarsa, dosye paytaxt Əlcəzairin Sidi Məhəmməd Məhkəməsinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə göndəriləcək.
Qeyd edək ki, Əlcəzair Daxili İşlər Nazirliyi ölkənin 11 şəhərində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 34-ə yüksəldiyini açıqlayıb.
Açıqlamada yanğınsöndürmə işlərinin hava və qurudan davam etdirildiyi vurğulanıb.
Əlcəzairin şimal şəhərlərində dünən başlayan meşə yanğınları ilə mübarizə 48 dərəcəni keçən isti dalğaları və isti küləklərin təsiri ilə getdikcə çətinləşir.
Meteorologiya İnstitutu ötən gün isti dalğası ilə bağlı həyəcan siqnalını narıncıdan qırmızıya qaldırıb və ölkədə havanın temperaturunun 48 dərəcəni keçdiyi ağır iqlim şəraitinin olduğunu qeyd edib.
Əlcəzair səlahiyyətliləri həftələrdir davam edən isti dalğasının meşə yanğınlarına səbəb ola biləcəyindən ehtiyat edərək, yüksək hazırlıq vəziyyətinin işə salındığını bildirib.
Ölkədə bir aya yaxındır ki, paytaxtda 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcə rekord temperatur müşahidə olunur.