İraqda plastik cərrah xəstənin burnunu müvəqqəti olaraq onun alnına tikərək bərpa edib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İraqda plastik cərrah Dr. Diyar Əbdülvahid yüksək gərginlikli elektrik şokundan ağır xəsarət alan bir xəstədə nadir və olduqca mürəkkəb burun bərpası proseduru həyata keçirib.
Elektrik yanıqları səbəbindən xəstənin burun toxumalarının təxminən 99%-i tamamilə məhv olub.
Cərrah yeni burnu yenidən formalaşdırmaq üçün onu müvəqqəti olaraq xəstənin alnına tikib.
Alın nahiyəsinin seçilməsinə səbəb bu ərazidəki dərinin rəng və struktur baxımından burun dərisinə maksimum dərəcədə bənzəməsidir.
Bu xüsusi üsul gələcəkdə ən yaxşı funksional və estetik nəticələri əldə etməyə imkan verir.
Mütəxəssislər bu növ mürəkkəb rekonstruktiv plastik əməliyyatların tibb dünyasında nadir hallarda tətbiq edildiyini bildiriblər.
Yeni burun xəstənin alnında tam formalaşdıqdan sonra növbəti mərhələdə öz yerinə köçürüləcək.

Xuraman Etibarlı
İnterpress.аz






