Azərbaycan Xarici İşlər Nazirliyi dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ittihamlarına cavab verib. Bildirilib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək.
Məlum olduğu kimi, rəsmi Bakı Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı israrlıdır. Biz bu məsələ barədə konkret mövqeyimizi ortaya qoymuşuq. Lakin təklifimizə hələ ki, adekvat cavab verilmir. Əksinə, Ermənistan hərbi-siyasi hakimiyyəti bütün imkanları ilə reinteqrasiya prosesinə mane olmağa çalışır.
Ermənistanın tələbləri və şərtləri də birbaşa olaraq reinteqrasiya prosesinə əngəl yaratmağa hesablanıb. Çünki qarşı tərəfin tələbləri tamamilə qəbuledilməzdir.
Ümumiyyətlə, Qarabağdakı etnik ermənilər Azərbaycanın daxili işidir. Ermənistan bu məsələ ilə bağlı heç bir söz sahibi deyil. Biz Qarabağdakı qondarma rejimlə deyil, oradakı sadə insanlarla özümüz öz işimizi görə bilərik. Bunun üçün hansısa “vasitəçiyə” ehtiyac yoxdur.
Rəsmi Bakı bir neçə dəfə bildirib ki, digər azlıqlar kimi, Qarabağ ermənilərinə də Azərbaycan vətəndaşlarının üçün yaradılan imkanlar yaradılacaq. Bu, humanistliyin ən bariz nümunəsidir. Qarabağdakı etnik ermənilər onlara yaradılan şəraiti qiymətləndirməlidirlər. Ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Üçüncü variant yoxdur.
Kənan Novruzov
İnterpress.az