Ermənistanda “qatil boru” QALMAQALI: Çaya düşən bacıların axtarışları NƏTİCƏ VERMİR – VİDEObackend

Ermənistanda “qatil boru” QALMAQALI: Çaya düşən bacıların axtarışları NƏTİCƏ VERMİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Vanadzor sakinləri iki bacının itkin düşməsinə etiraz edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistanın Vanadzor şəhərinin sakinləri Pəmbək çayı üzərindən keçən və yerli əhali tərəfindən “qatil boru” adlandırılan köhnə boru kəməri infrastrukturuna qarşı kəskin etirazlarını bildirirlər.

Sakinlər əmindirlər ki, iyunun 15-də çaya yıxılaraq itkin düşən 7 və 13 yaşlı iki bacının başına gələn bu faciə, sözügedən təhlükəli boru vaxtında sökülsəydi və insanlar ondan keçid kimi istifadə etməsəydilər, baş verməzdi.

Şəhər sakinlərinin sözlərinə görə, əvvəllər də həmin borudan sürətli axarı olan çaya sürüşüb yıxılanlar olub. Onlardan bəziləri möcüzə nəticəsində xilas edilsə də, suda boğulanların cəsədlərinin qonşu Alaverdi şəhəri yaxınlığından tapıldığı digər ölüm halları da baş verib.

Təhlükəli dəmir konstruksiya 1988-ci il Spitak zəlzələsindən sonra yarımçıq qalmış körpü tikintisindən çay üzərində qalıb və illərdir yerli sakinlər ondan alternativ keçid kimi istifadə etməyə məcbur olublar.

İtkin düşən bacıların axtarışları hələ də heç bir nəticə verməyib. Hazırda Pəmbək çayının 40 kilometrlik axarı boyunca 200-dən çox xilasedici, polis əməkdaşı və yerli könüllülər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər.

Əməliyyatlara dalğıclar, xüsusi qayıqlar və pilotsuz uçuş aparatları da cəlb olunub.

Faktla bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başladılıb.

Xuraman Etibarlı

İnterpress.az