Böyük Britaniyada oğrular teleskopik yükləyici ilə bankomatı divardan söküblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Böyük Britaniyada film süjetlərini xatırladan səs-küylü və qeyri-adi soyğunçuluq hadisəsi qeydə alınıb.
Kembricşir qraflığının polisindən verilən məlumata görə, naməlum cinayətkarlar bank filiallarından birinin binasına yaxınlaşaraq ağır tikinti texnikasından – teleskopik yükləyicidən istifadə etməklə xarici divardakı bankomatı bütövlükdə söküb çıxarıblar.
Araşdırmalar zamanı məlum olub ki, soyğunçular hadisədə istifadə etdikləri ağır teleskopik yükləyicini də cinayətdən əvvəl oğurlayıblar.
Polis rəsmiləri cinayətkarların bütün bu mürəkkəb planı bankomatın daxilində olan bir neçə on min funt-sterlinq dəyərində nəqd pulu ələ keçirmək üçün qurduqlarını bildiriblər.
Hadisə yerindən sürətlə uzaqlaşan oğruların müəyyənləşdirilib saxlanılması istiqamətində asayiş keşikçiləri tərəfindən genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.
Xuraman Etibarlı
İnterpress.az






