“Gənclər kuboku: Hərb oyunları” layihəsinin icrası başa çatdırılıbbackend

“Gənclər kuboku: Hərb oyunları” layihəsinin icrası başa çatdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər kuboku: Hərb oyunları” layihəsi uğurla başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində avqustun 27-dən sentyabrın 2-dək Ağdam rayonunda keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş 100-dən çox gənc iştirak edib. Layihənin açılış mərasiminə dövlət rəsmiləri, deputatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.
Layihə müddətində gənclər açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər idman növləri üzrə yarışlarda mübarizə aparıblar. Həmçinin bir həftə ərzində peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbiyönümlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib.
Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silahların sökülüb-yığılması, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda “Axtar tap”, maneəli qaçış, ipdartma və s. oyunları oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.
Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırıblar.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi sentyabrın 5-dən 9-dək Naxçıvan Muxtar Respubikasında indiyədək üç mövsümü uğurla həyata keçirilmiş “Marş irəli” layihəsinin dördüncü mövsümünü həyata keçirməyə hazırlaşır. Silsilə layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü Goranboy, üçüncü mövsümü isə Göygöl rayonunda baş tutub. Üç mövsüm ərzində layihədə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.
“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı və onların vətənpərvər ruhda formalaşması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.